Yeni Daşkənd
Yeni Daşkənd — Azərbaycan Respublikasının Bərdə rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dəniz səviyyəsindən 120 metr yüksəklikdə yerləşən kənd rayon mərkəzindən 10 km qərbdə, Bərdə-Tərtər avtomobil yolundan 2 km aralı, Qarabağ düzündə, Aran coğrafi bölgəsindədir. Tərtər çayı kənddən 2,5 km məsafədən keçir və kəndin cənub sərhədini təşkil edir. Yaşayış məntəqəsi Bərdənin Tərtər yolu üstündəki sonuncu kəndi olmaqla uzunluq dairəsi 40.23'9"N, en dairəsi 47.2'10"E olan meridianların kəsişdiyi nöqtədə yerləşir. Yeni Daşkənd kəndi Tərtər rayonunun Sarıcalı və Kürdlər, Bərdə rayonunun isə Şatırlı, Çəmənli, İmamqulubəyli və Zümürxan kəndləri ilə həmsərhəddir.
Yaşayış məntəqəsi XX əsrin 50-ci illərində Ermənistan SSR-in Basarkeçər rayonunun Daşkənd kəndindən kütləvi şəkildə köçürülmüş ailələr tərəfindən salındığına görə belə adlandırılmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin ikinci dəfə, yenidən salındığını, ikinci komponenti isə köhnə kəndin adını bildirir.
Türkiyəni öz təsir dairəsinə salmaq istəyən Sovet rəhbərliyinə görə, Ermənistanda yaşayan azərbaycanlılar Türkiyə ilə gözlənilən münaqişədə potensial "beşinci kolonna" rolunu oynaya bilərdilər. Azərbaycanlıların tarixi torpaqlarından köçürülməsinin səbəbləri sırasında Kremlin siyasi dairələrində erməni lobbisinin aktiv fəaliyyəti və xaricdən Ermənistan SSR-ə köçürülmüş ermənilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması da qeyd olunurdu. Bu prosesin nəticəsində SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 23 dekabr 1947-ci il tarixli 4083 saylı qərarına uyğun olaraq, 1948–1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanıldı.